...

Qəbələdə aşkarlanan qədim yaşayış yerində geniş arxeoloji qazıntılara başlanacaq

Cəmiyyət Materials 23 Aprel 2012 13:54 (UTC +04:00)
Bu həftə ərzində Qəbələdə aşkarlanan qədim yaşayış yerində geniş arxeoloji qazıntılara başlanacaq.
Qəbələdə aşkarlanan qədim yaşayış yerində geniş arxeoloji qazıntılara başlanacaq

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir M.Əliyev/

Bu həftə ərzində Qəbələdə aşkarlanan qədim yaşayış yerində geniş arxeoloji qazıntılara başlanacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat verib.

Onun sözlərinə görə, qazıntılar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyiblinin rəhbərliyi ilə başlanmalıdır.

Muxtarov arxeoloji qazıntılara xarici mütəxəssislərin cəlb olunmasını da istisna etməyib.

Qəbələdə Beynəlxalq Hava Limanı tikilərkən qədim yaşayış yeri aşkarlanıb.

"Qalayeri-daş" adlanan həmin yaşayış yeri eneolit dövrünün son mərhələsinə aid olan Leylatəpə mədəniyyətinə aid edilib.

Bu ərazi eramızdan əvvəl IV minilliyin I yarısının əvvəllərində Leylatəpə mədəniyyətinin daşıyıcıları tərəfindən salınıb. İnsanlar bu yaşayış yerində eramızın 8-ci əsrinə qədər yaşayıblar. Daha sonra bura ilk müsəlmanlar tərəfindən qəbiristanlığa çevrilib.

Muxtarov qeyd edib ki, Qəbələdə aşkarlanmış yeni yaşayış yeri Azərbaycan tarixinin eneolit dövrünün öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

İndiyədək hesab edilirdi ki, Leylatəpə mədəniyyəti Mesopotamiyadan şimala doğru yayılıb.

Leylatəpə mədəniyyətinin aşkar olunması ilk tunc dövründə Kür-Araz mədəniyyətinin formalaşmasında Azərbaycanın iştirakını bir daha təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti