Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu 28 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında mayın 9-da əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.