Azərbaycan, Bakı, 8 may /Trend/
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. Beynəlxalq Qızıl Xaç Komitəsi , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Hərəkatın yaranma gününü qeyd edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti də hər il olduğu kimi, bu əlamətdar günlə əlaqədar silsilə tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri də, 2012-ci il mayın 7-də Sumqayıt şəhərində Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrında keçirilmişdir. Tədbirdə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Sumqayıt İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Sadıqov bu əlamətdar günlə bağlı çıxış etmişlər. Həmçinin əlil uşaqların əl işlərindən və Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərindən ibarət sərgi keçirilmiş, video çarxlar nümayiş etdirilmişdir. 15 əlil uşağa noutbuk və əlil arabası hədiyyə edilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycandakı nümayəndəliklərinin başçıları, AzQAC-ın əməkdaşları, könüllüləri və Sumqayıt şəhər ictimayətinin nümayəndələri iştirak etmişlər.
Tədbir respublikanın əməkdar artistləri Sevda Ələkbərzadənin, Lalə Məmmədovanın, populyar müğənni Kərimin və başqa tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş konsert proqramı ilə yekunlaşmışdır.