Azərbaycan, Bakı, 10 may /Trend/
Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən "Maştağa" anbarına su nəql edən 2 magistral xəttin birində yenidənqurma və təmir işləri aparılır.
Bununla əlaqədar 10 may saat 22:00-dan 12 may saat 22:00-dək Abşeron rayonunun Bağlar massivinə, Digah, Mehdiabad, Goradil qəsəbələrinə, eləcə də Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.