Azərbaycan, Bakı, 11 may /Trend/
Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ilinə həsr olunmuş tədbir-konsert keçirilib. Tədbir Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Azərbaycan səfiri tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. O, ulu öndərin Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxdığını bildirib və onun istər sovet dövründə ölkəyə rəhbərlik edərkən, istərsə də müstəqil Azərbaycanda prezidentliyi dövründə Azərbaycan xalqına böyük fədakarlıqla xidmət etdiyini qeyd edib. Ölkə səfiri ümummilli lider Heydər Əliyevi digər dünya siyasətçilərindən fərqləndirən xüsusiyyətlərə toxunaraq onun dərin zəka, uzaqgörənlik, möhkəm yaddaş, xüsusi nitq qabiliyyəti və güclü vətənpərvərlik hisslərinə malik olduğunu ifadə edib. P. Şahbazov Azərbaycanın Qərb strukturlarına inteqrasıya siyasətinin əsasının məhz Heydr Əliyevin prezidentliyi dövründə qoyulduğunu və bunun uğurla həyata keçirildiyini vurğulayıb.
Tədbirdə cıxış edən digər natiq, Almaniya Federativ Respublikasının Azərbaycandakı kecmiş səfiri, prof. Klaus Qrevlix Heydər Əliyev ilə keçirdiyi görüşlərdən olan xatirələrindən və bu görüşlərin onun xatirəsində buraxdığı izlərdən geniş söhbət açıb. O, mərhum prezidenti dünya miqyaslı siyasətçi, ölkəsinin mənafeyini hər şeydən üstün tutan və buna müvafiq siyasət aparan lider kimi xarakterizə edib.
Daha sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) icraçı direktoru, Samira Patser-Ismayılova "Heydər Əliyev və mədəniyyət" mövzusunda nitq söyləyərək, konsertdə iştirak edən musiqiçiləri təqdim edib.
Daha sonra Azərbaycanın xalq artisti Yeganə Axundova və alman musiqiçi Klaudia Şellenberqer milli və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Tədbirdə alman dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri, jurnalistlər və s. daxil olmaqla 200 nəfərə yaxın qonaq iştirak edib. Tədbirdə qonaqlara ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.