...

Azərbaycanın təhsil naziri İtaliyaya səfər edəcək

Cəmiyyət Materials 14 May 2012 17:31 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov iyunun 2-dən 9-dək İtaliyaya səfər edəcək.
Azərbaycanın təhsil naziri İtaliyaya səfər edəcək

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov iyunun 2-dən 9-dək İtaliyaya səfər edəcək. Trend bazar ertəsi Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Misir Mərdanov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə keçirdiyi görüşdə bildirib.

Əsasən universitetlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Mərdanov təhsil sahəsində digər əlaqələrin genişləndirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

O, Azərbaycanda italyan dilinin tədrisi məsələlərinə toxunub və bu məsələlər üzrə qonağın fikrini öyrənmək istədiyini qeyd edib.

Nazir, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İtaliyada 4 azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Bu göstəricinin aşağı olduğunu diqqətə çatdıran təhsil naziri qeyd olunan istiqamətdə işlərin aparılmasının vacibliyini vurğulayıb.

Səfir Baldi İtaliyada qədim və nüfuzlu ali məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunan səfir ilkin mərhələ kimi Azərbaycanın orta məktəblərində italyan dilinin tədrisinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, qonaq bundan sonra İtaliyada təhsil alan azərbaycanlı tələbələrə diqqətin daha da artırılacağını nəzərə çatdırıb.

Misir Mərdanov səfər zamanı bu məsələlərin geniş müzakirə olunacağını bildirib.

Xəbər lenti

Xəbər lenti