Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/
"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar öz siyasi maraqlarından çıxış edərək Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. Bunu Trend-ə çərşənbə axşamı "Demokratiyanın və milli dəyərlərin təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov bildirib.
O həmin təşkilatları Dağlıq Qarabağ məsələsində konkret mövqe ortaya qoymamaqda ittiham edib. "BMT-nin qətnamələri, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə qəbul olunmuş siyasi qərarlarda Dağlıq Qarabağın Azərbaycana qaytarılması qeyd olunub. Həmin beynəlxalq təşkilatlar bu barədə ortaya konkret mövqe qoymurlar, problemə ikili standartlarla yanaşırlar", - Cəfərov deyib.
İctimai Birliyin sədri qeyd edib ki, həmin təşkilatlar insan haqları kimi məsələləri gündəmə gətirməklə guya Azərbaycan xalqına öz rəğbətini bildirirlər.
"İstənilən Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bəzi problemlər var. Lakin cüzi problemləri şişirtmək yanlış fikirdir. Onların mövqeyi Azərbaycan xalqı tərəfindən dəstəklənmir", - o deyib.
Cəfərov bildirib ki, həmin təşkilatlar öz mənafelərini güdürlər, siyasi ambisiyalarını Azərbaycanda həyata keçirmək istəyirlər.