...

Araz çayından Urmiya gölünə su axıdılması layihəsini Türkiyə şirkəti həyata keçirəcək

Cəmiyyət Materials 31 May 2012 15:15 (UTC +04:00)
Araz çayından Urmiya gölünə su axıdılması layihəsini Türkiyənin böyük investisiya şirkətlərindən biri həyata keçirəcək.
Araz çayından Urmiya gölünə su axıdılması layihəsini Türkiyə şirkəti həyata keçirəcək

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Cəfərov/

Araz çayından Urmiya gölünə su axıdılması layihəsini Türkiyənin böyük investisiya şirkətlərindən biri həyata keçirəcək. Bununla bağlı artıq həmin şirkətin direktorları ilə İranın Qərbi Azərbaycan əyalətinin rəhbərliyi arasında ilkin razılıq əldə olunub. Bu barədə Trend cümə axşamı IRNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Türkiyə şirkətinin direktorları və Qərbi Azərbaycan əyalətinin rəhbərliyi arasında görüş ötən gün Urmiya şəhərində keçirilib. Görüşdə ilkin razılıq əldə olunub və qərara alınıb ki, layihənin icrası ilə bağlı müqavilə bir neçə gün sonra İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi ilə görüşdən sonra imzalansın.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Xəbər lenti

Xəbər lenti