...

Milanda Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib

Cəmiyyət Materials 17 İyun 2012 18:16 (UTC +04:00)
Milanın Cuzeppe Verdi adına Konservatoriyasında italyanlı professor Davide Qualtiyerinin musiqi və rəqs yaradıcılığı layihəsi çərçivəsində cumə axşamı Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib
Milanda Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Əsgərov/

Milanın Cuzeppe Verdi adına Konservatoriyasında italyanlı professor Davide Qualtiyerinin musiqi və rəqs yaradıcılığı layihəsi çərçivəsində cumə axşamı Xocalı soyqırımına həsr edilmiş konsert keçirilib.

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə konsertdə konservatoriyanın xoru, "Art Performing" musiqi ansamblı və Milandakı "Azəri" mədəniyyət assosiasiyasının rəhbəri, azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərlik etdiyi "Orizon" rəqs ansamblı iştirak edib.

Konserti giriş sözü ilə açan professor D.Qualtieri klassik və müasir musiqisini və rəqsi özündə birləşdirən və improvizasiyaya əsaslanan layihəsindən danışıb, konsertin xüsusi olaraq Xocalı faciəsinə həsr edildiyini bildirib. O, Xocalının Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhər olduğunu və bu şəhərin tarixindən söhbət açaraq onun bir gecədə yer üzündən silindiyi barədə məlumat verib.

Sonra söz alan Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin birinci katibi Nigar Hüseynova XX əsrdə bir sıra xalqların öz tarixlərində faciəli səhifələr yaşadığını qeyd edib, Azərbaycanın da 80-ci illərin sonlarından qonşu Ermənistan tərəfindən elan olunmamış müharibə ilə üzləşdiyini bildirib.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsinin Xocalı soyqırımı olduğunu vurğulayaraq, bir gecədə yüzlərlə günahsız insanın erməni ordusu tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini, çoxsaylı insanın əsir götürülərək dözülməz zorakılıq və işgəncələrə məruz qaldığını, onlardan bir çoxlarının itkin düşdüyünü qeyd edib. Öz çıxışında səfirliyin nümayəndəsi Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi təşəbbüsünə görə tədbirin təşkilində iştirak edən bütün şəxslərə Səfirlik adından təşəkkür edib.

Səfirliyin dəstəyi ilə təşkil edilmiş konsertdən sonra qonaqlara Azərbaycanla bağlı kitab və jurnallar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti