...

Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuş üçün parlamentə tövsiyə olunub

Cəmiyyət Materials 19 İyun 2012 12:18 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət komitəsi ilə birgə bu gün keçirdiyi iclasda Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuş üçün parlamentə tövsiyə olunub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət komitəsi ilə birgə bu gün keçirdiyi iclasda Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ikinci oxunuşda irəli sürülən təkliflər nəzərə alınıb və layihədə öz əksini tapıb.

Müzakirələr zamanı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və digərləri qanun layihəsində həyətyanı sahələrdə tikilən istixanaların 50 kvadratmetr olmasına etiraz edib və bu məsələyə məhdudiyyət qoyulmasının əleyhinə çıxıblar.

Eyni zamanda, boş torpaq sahələrinin hasarlanmasına və hündür hasarların olmasına da etirazlar bildirilib.

Sənəddə həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsi onlara göndərilən gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidir.

Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edə bilər.

Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Ümumi və baş planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları bu Məcəllənin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ümumi və baş planlar təsdiq olunduqdan sonra normativ hüquqi aktların dərci ilə bağlı qaydalara uyğun dərc edilir və müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir.

Ümumi və baş planlar dərc edildiyi vaxtdan qüvvəyə minir.

Layihədə tikintisinə icazə tələb olunmayan tikinti obyektləri də öz əksini tapıb.

Hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan yardımçı tikililərin və hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisi üçün icazə tələb olunmur.

Müzakirələrdən sonra Məcəllə üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti