...

Azərbaycanda adam döymə cinayətinə görə məhkum olunanlar azad ediləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 İyun 2012 15:23 (UTC +04:00)
Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanun layihələri hazırlanıb.
Azərbaycanda adam döymə cinayətinə görə məhkum olunanlar azad ediləcək (ƏLAVƏ OLUNUB)

CM-yə təklif olunan dəyişikliklər əlavə olunub (ilk xəbər saat 11:36-da yayılıb)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda adam döyməyə görə yalnız inzibati məsuliyyət tətbiq olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanun layihələri hazırlanıb.

İnzibati Xətalar Məcəlləsinin 38-1 maddəsinə təklif olunan əlavədə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq olunur.

Layihədə göstərilir ki, bu əməl sağlamlığa ağır, az ağır, yüngül zərbə vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Döymə inzibati xəta olduğu halda, həmin xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.

İnzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Bununla əlaqədar Cinayət Məcəlləsinə də dəyişikliklər ediləcək.

Təklif olunan dəyişikliklər qəbul olunacağı halda, döymə cinayət əməli deyil, inzibati xəta hesab olunacaq.

Layihədə yeni qanunun bu il dekabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Layihədə qeyd olunur ki, qanun qüvvəyə minənədək CM-nin 132-ci maddəsi ilə məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Həmin şəxslər, həmçinin bu qanun qüvvəyə minənədək CM-nin 132-ci maddəsi ilə məhkum olunaraq cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

Bu il dekabrın 1-dək məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işlərinə və materiallara yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə həmin tarixdən xitam verilir və ya cinayət təqibinin başlanmasından imtina edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması araşdırılır.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti