...

Azərbaycanda İİV-lə yaşayan insanlara sosial dəstək mexanizmi təkmilləşdirilir

Cəmiyyət Materials 28 İyun 2012 16:44 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə "Sosial xidmət haqqında" qanun və İİV/QİCS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsinin sosial aspektləri" mövzusunda konfrans keçirilib.
Azərbaycanda İİV-lə yaşayan insanlara sosial dəstək mexanizmi təkmilləşdirilir

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə "Sosial xidmət haqqında" qanun və İİV/QİCS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsinin sosial aspektləri" mövzusunda konfrans keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi konfransda məqsəd İİV/QİÇS ilə mübarizə üzrə strategiyadan və "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn imkanları səfərbər etməklə İİV-ə yeni yoluxma hallarının qarşısının alınması, həmçinin İİV-lə yaşayan insanlara xidmət göstərilməsi mexanizminin təkmilləşdirilməsi yollarının müzakirə edilməsi, bu sahədə aidiyyəti qurumların əməkdaşlığının gücləndirilməsi olub.

Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov "Sosial xidmət haqqında" qanunun ölkəmizdə sosial xidmətlər sahəsində yeni mərhələ açdığını, bu sahədə mütərəqqi beynəlxalq təcrübənin respublikamızda tətbiqi imkanlarını genişləndirəcəyini vurğulayaraq, qanundan irəli gələn vəzifələr, qanunun tətbiqi istiqamətində nazirlik tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, qanunun uğurlu və səmərəli icrası, həmçinin sosial xidmətin keyfiyyətinin və çeşidliliyinin artırılması məqsədilə artıq cari ilin mart ayında vətəndaş cəmiyyəti institutları, o cümlədən sosial xidmət sahələri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılıb və görüləcək işlər müəyyənləşdirilib. Azərbaycan hökuməti tərəfindən 2006 və 2011-ci illərdə İİV üzrə imzalanmış Beynəlxalq Öhdəlik Bəyannaməsi QİCS-ə qarşı cavab tədbirlərinin həyata keçirilməsinə, İİV-in qarşısının alınması, ona yoluxanların müalicəsinə, yeni qəbul olunmuş "Sosial xidmət haqqında" qanun isə onlara sosial reabilitasiya sahəsində dəstəyin təmin edilməsinə zəmin yaradır.

Tədbirdə BMT-nin Cənubi Qafqaz regionunda HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAIDS) əlaqələndiricisi Manuela Qrozdanovanın, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirovanın, Vişnevskaya-Rostropoviç Fondunun regional direktoru, Ölkə Əlaqələndirmə Komitəsinin sədr müavini Soltan Məmmədovun, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İctimai Səhiyyə koordinatoru Leyla İmanovanın və başqalarının çıxışları dinlənilib, sosial hüquqların reallaşmasında vətəndaş cəmiyyətinin rolu və İİV-lə yaşayan insanların sosial yardıma, qulluq və dəstəyə olan ehtiyacları, həmçinin onların əmək hüquqlarının müdafiəsi və s. məsələlər ətrafında fikir mübadilələri aparılıb, görüləcək işlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti