Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin rektorlarına müraciət edib.
Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı əsasında keçirilən müsabiqə nəticəsində hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavrlar tələb olunan sənədləri 2012-ci il iyulun 3-dən 12-dək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsilalma formasını seçib qeydiyyatdan keçməlidirlər.
Rektorların nəzərinə çatdırılıb ki, "Magistr" jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsilalma forması "Ə/Q" (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.