...

Bu il rus bölməsinin 3000-dən çox abituriyenti qəbul imtahanlarına buraxılmayacaq

Cəmiyyət Materials 10 İyul 2012 11:07 (UTC +04:00)
Bu il rus bölməsinin "Azərbaycan dili" fənnindən imtahan vermiş 3209 abituriyenti ali məktəblərə qəbul imtahanlarına buraxılmayacaq.
Bu il rus bölməsinin 3000-dən çox abituriyenti qəbul imtahanlarına buraxılmayacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il rus bölməsinin "Azərbaycan dili" fənnindən imtahan vermiş 3209 abituriyenti ali məktəblərə qəbul imtahanlarına buraxılmayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Azərbaycan dili" fənnindən keçirilən imtahanlarda ümumilikdə rus bölməsinin 12 256 abituriyenti iştirak edib. Onların 9047-si "məqbul" qiyməti aldığı üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak hüququ qazanıb.

2012-2013-cü tədris ili üzrə "Azərbaycan dili" fənnindən birinci imtahan mayın 13-də keçirilib. Bu imtahanda iştirak edən 9167 abituriyentin 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verib. İlk imtahanda 1723 abituriyent imtahandan "qeyri-məqbul" qiyməti alıb.

Mayın 13-də keçirilmiş imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçirilən "Azərbaycan dili" imtahanında təkrarən iştirak etmək imkanı verilib. Bu imtahanda iştirak etmiş 3089 abituriyentin 1603-ü tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul", 1486-sı "qeyri-məqbul" qiyməti alıb.

Qəbul qaydalarına əsasən, "Azərbaycan dili" fənnindən "məqbul" alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 106 130 abituriyent internetlə "Elektron ərizə "doldurub. Onların 101 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Bu il ali məktəblərə ilk qəbul imtahanı III ixtisas qrupu üzrə iyulun 14-də olacaq. İyulun 20-də I, iyulun 27-də IV, avqustun 3-də II ixtisas qrupu üzrə imtahan keçiriləcək.

Xəbər lenti

Xəbər lenti