...

Azərbaycana gələn turistlərin sayı artıb

Cəmiyyət Materials 12 İyul 2012 11:09 (UTC +04:00)
Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalıb.
Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana gələn xarici vətəndaşların və turistlərin sayı çoxalıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan ilk dəfə iki milyondan çox, yəni 2 milyon 239 min nəfər əcnəbi qəbul edib. Bu, 2010-cu ilə nisbətən 14 faiz çoxdur.

Nazir deyib ki, ölkədə 508 mehmanxana fəaliyyət göstərir. Orada yerləşdirilmiş şəxslərin sayı 2010-cu illə müqayisədə 16,3 faiz artıb, onların da 50 faizdən çoxu xarici ölkə vətəndaşlarıdır.

"Beş il öncə ölkəmizdə fəaliyyət göstərən mehmanxanaların sayı 300-dən az idi. Təkcə ötən il Azərbaycanda 30 mehmanxana və mehmanxana tipli obyekt istifadəyə verilib", - Qarayev əlavə edib.

Nazir qeyd edib ki, hazırda ölkə ərazisində 45 mehmanxana inşa edilir, 178 turizm şirkəti fəaliyyət göstərir.

Qarayevin sözlərinə görə, Qusar rayonunda "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi davam edir. Birinci mərhələdə nəzərdə tutulan işlər artıq tamamlanmaq üzrədir. Hazırda İsveçrə və Avstriya şirkətləri tərəfindən növbəti mərhələlər üzrə layihələndirmə işləri və marketinq araşdırmaları aparılır, Nəqliyyat Nazirliyi yolların tikinti-təmiri, "Azərenerji" elektrik xətlərinin çəkilməsi işlərini davam etdirir.

"İşlərin gedişatı göstərir ki, artıq bu ilin sonunda kompleks turist qəbuluna başlaya biləcək", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti