...

Avropa İttifaqı: Dövlətlər medianın müstəqilliyinə müdaxilə etməməlidir (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Cəmiyyət Materials 17 İyul 2012 11:11 (UTC +04:00)
Demokratik cəmiyyətdə dövlətlər medianın fəaliyyətinə nəzarət, onun müstəqilliyinə müdaxilə etməməlidir, müdaxilə yalnız yüksək peşəkarlıq yaratmaq baxımından ola bilər.
Avropa İttifaqı: Dövlətlər medianın müstəqilliyinə müdaxilə etməməlidir (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Demokratik cəmiyyətdə dövlətlər medianın fəaliyyətinə nəzarət, onun müstəqilliyinə müdaxilə etməməlidir, müdaxilə yalnız yüksək peşəkarlıq yaratmaq baxımından ola bilər. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı Ofisi, Avropa İttifaqı və Avropa Şurası arasında birgə Proqram çərçivəsində Mətbuat Şurasının tərəfdaşlığı ilə "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Valentinov bildirib ki, Aİ bütün ölkələrdə söz azadlığının pozulmasına qarşı çıxır. Onun sözlərinə görə, ənənəvi və yeni media güclü iqtisadiyyata əsaslanır, iqtisadi reallıqları nəzərdə tutur.

"Biz real dünyada yaşayırıq. Son zamanlar rəqəmsal inqilab və internetin sürətlə yayılması insanların həyatının müxtəlif sahələrini dəyişib. O cümlədən də media mühiti dəyişib. Hər bir internet istifadəçisi, vətəndaş bu unikal qlobal mühitə çıxış əldə edir. Burada onların səsləri eşidilir və onların mövqeyi artıq başqalarına da görünən olur. Bu görünmək eyni zamanda təhlükəsizlik və digər risklər də meydana çıxarır. Biz özümüzü bu yeni rəqəmsal reallığa uyğunlaşdırmalıyıq. Əlbəttə, hazırda bu reallıq böyük çətinliklər yaradır", - Valentinov əlavə edib.

O qeyd edib ki, online media heç vaxt ənənəvi medianı əvəz etməz. Amma ənənəvi media daha mərkəzləşib. Bu mediaların hər ikisi birlikdə mövcuddur və bir-birini gələcəkdə də tamamlayacaq.

Aİ təmsilçisi qeyd edib ki, hökumətin qeyri-ənənəvi mediadan uzaq olması təklif edilir. Amma təcrübədə görünür ki, müsbət hökumət addımları yeni medianı dəstəkləyə bilər.

"Qayda və qanunlar qəbul etməyə tələsməməliyik. Amma bəzi qanunlar bu azadlığı daha da dəstəkləyə bilər. Dövlət sektoru göstərməlidir ki, biz kifayət qədər müdaxilə etməliyik, amma çox müdaxilə etməməliyik, dəyərləri pozmamaq, media azadlığını qorumaq şərti ilə müdaxilə etməliyik. Biz qərar versək ki, hökumət qəzetsiz, yaxud da qəzet hökumətsiz olsun, mən ikincini seçərdim", - Valentinov deyib.

O, hazırda Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin 3 media layihəsini maliyyələşdirdiyini də vurğulayıb.

ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay tədbirdə bildirib ki, müasir dövrdə media ilə bağlı tələblər dəyişinb. İnsanlar indi
informasiyanı internet mediadan almağa üstünlük verirlər.

"ATƏT-in Bakı Ofisi də Azərbaycanda on-line medianın inkişafına öz dəstəyini verir. Ötən ildən başlayaraq regionlarda bununla bağlı bir sıra layihələr həyata keçirilib, jurnalistlər üçün təlim kursları təşkil edilib. Söz və mətbuat azadlığı ATƏT-in əsas prinsiplərindəndir. Əvvəllər məlumatı tək radio və televiziyadan alırdıq. İndi bu məlumatlar yetərli deyil. İndi on-line mediadan daha operativ və çox məlumat ala bilirik", - Tarqay deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxışında bildirib ki, internet medianın inkişafından qəzetlər də yararlanır. Bütün qəzetlərin internet səhifələri var. Onlar hər dəqiqə yenilənir.

"Hazırda Azərbaycanda əhalinin 65 faizi internetdən istifadə edir. Mütəmadi istifadə edənlər isə 35 faiz təşkil edir. 1 milyon insan Facebook-dan istifadə edir. 20-yə yaxın internet TV var, 100 min insan xəbəri ordan almağa üstünlük verir. 2 min bloq var. Onlara 30-a yaxın provayder xidmət edir", - Şura sədri deyib.

Amaşov qeyd edib ki, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-ə yaxın internet qəzet, 9 TV, 1 peyk televiziyası, 14 regional televiziya, 14 radio, 20-yə yaxın internet radio, 40-a yaxın xəbər portalı fəaliyyət göstərir.

O, əlavə edib ki, tərəfdaş təşkilatlarla birgə bu konfransda əldə olunan nəticələrin həyata keçirilməsi üçün real işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti