...

Bu ildən doktorantlar yeni qayda ilə təhsil ala bilərlər

Cəmiyyət Materials 19 İyul 2012 10:08 (UTC +04:00)
Bu ildən Azərbaycanın ali təhsilinin ən yüksək pilləsi olan doktorantura səviyyəsində kredit sisteminin tətbiqi nəzərdə tutulur.
Bu ildən doktorantlar yeni qayda ilə təhsil ala bilərlər

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən Azərbaycanın ali təhsilinin ən yüksək pilləsi olan doktorantura səviyyəsində kredit sisteminin tətbiqi nəzərdə tutulur. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.

Onun sözlərinə görə, doktoranturada kredit sisteminin nazirlik sisteminə daxil olan ali məktəb və elmi tədqiqat müəssisələri ilə yanaşı, AMEA-nın elmi təşkilat və müəssisələrində də tətbiqi planlaşdırılır.

Nazirlik rəsmisi bildirib ki, kredit sistemi tətbiq olunduqdan sonra doktorantura səviyyəsi üzrə təhsillərini davam etdirmək istəyənlər müəyyən kreditlər toplamalı olacaqlar. Bu halda doktorantlar hazırda 3-4 il davam edən təhsil müddətlərini qısalda və onu tez başa çatdıra bilərlər.

Hüseynova bildirib ki, doktoranturada kredit sisteminin tətbiqini nəzərdə tutan "Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı" artıq təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim edilib.

Hüseynova deyib ki, həmin sənəd əsasında doktorantura təhsilinin standartları və kredit sisteminin tətbiqi ilə bağlı ayrıca əsasnamə yazılacaq. Bu əsasnamədə doktorantura təhsili ilə bağlı gələcək perspektivlər daha aydın müəyyən ediləcək.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar ölkənin ali məktəblərində kredit sisteminə keçilib. Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə kredit sistemi tətbiq edilir. Bu sistemə uyğun olaraq, tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir.

Bu il doktorantura üzrə sənəd qəbuluna sentyabr ayından başlanılacaq

Xəbər lenti

Xəbər lenti