...

TQDK sədri valideynlərə müraciət edib

Cəmiyyət Materials 20 İyul 2012 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsabiqə şərtlərini ödədiyi üçün ixtisas seçiminə buraxılan abituriyentlərin valideynlərinə müraciət edib. Trend-in məlumatına görə, TQDK sədri bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəyirlər.

"Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər" Abbaszadə deyib.

Abbaszadə deyib ki, son zamanlar xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı reklamlara artıb. Abituriyentləri və onların valideynlərini aldanmamağa çağıran TQDK sədri bildirib ki, bu yaxınlarda Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşıb.

"Amma məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə ödənişli əsaslarla təhsil almalıdırlar. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar" TQDK sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti