...

Azərbaycanda məktəbli forması alarkən ehtiyatlı olun

Cəmiyyət Materials 13 Avqust 2012 16:11 (UTC +04:00)
Azərbaycanda məktəbli formalarının tikilməsi və satışı ilə məşğul olan "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti onların geyimlərini saxtalaşdıran şəxslərə və müəssisələrə qarşı tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edəcək.
Azərbaycanda məktəbli forması alarkən ehtiyatlı olun

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məktəbli formalarının tikilməsi və satışı ilə məşğul olan "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti onların geyimlərini saxtalaşdıran şəxslərə və müəssisələrə qarşı tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edəcək. Bunu bazar ertəsi Trend-ə "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, Bakıdakı "8-ci klimometr" bazarında, Sədərək Ticarət Mərkəzində və s. ərazilərdə BTE nişanı ilə keyfiyyətsiz, uşaqların bədənlərində allergik səpkilər yaradan, başqa ölkələrdən gətirilmiş və ya zirzəmi şəraitində tikilmiş məktəbli paltarları satılır. Həmin geyimlərin BTE nişanı ilə satılmasını iqtisadi cinayət sayan Əzimov hesab edir ki, belə halların qarşısı qanunla alınmalıdır.

Valideynləri belə məktəbli formaları almamağa çağıran və onların geyimləri ilə saxta geyimlər arasındakı əsas fərqləri açıqlayan BTE rəsmisinin sözlərinə görə, "Bakı Tikiş Evi"nin tikdiyi formaların qolunda, düyməsində, astarında BTİ yazılıb.

"Bizim geyimlərimiz Avropa laboratoriyasının, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatını alıb. Bu sənədlər bir daha təsdiqləyir ki, BTİ-nin geyimlərinin uşaqlar üçün heç bir zərəri yoxdur", - Əzimov bildirib.

O deyib ki, valideynlərin məktəbli geyimlərini vaxtında alması üçün təbliğatın aparılmasına baxmayaraq, valideynlər geyim almaq üçün avqustun sonu, sentyabrın əvvəlini gözləyirlər.

Əzimovun sözlərinə görə, ötən ildən fərqli olaraq, bu il məktəbli geyimlərinin satışının təşkili üçün daha yaxşı hazırlıq işləri görülüb. Hələ qışdan məktəblilər üçün bütün ölçülərdə geyimlər tikilərək anbarlarda saxlanılıb. Satış rəisi hazırda şagirdlərin bütün növ ölçüdə geyimlə təmini baxımından heç bir çətinliyin olmadığını da bildirib.

O deyib ki, ötən il Bakının 11 rayonunda 12 satış mərkəzi olduğu halda, bu il onların sayı 18-ə çatdırılıb. Bundan başqa, bu il geyimlər şəhərdəki böyük ticarət mərkəzlərinə də verilib.

Əzimov bildirib ki, BTE-nin geyimlərinin qiymətində heç bir dəyişiklik edilməyib. Ölçüdən asılı olaraq, 1-6-cı siniflər üçün geyim dəstinin (köynək, jilet, pencək şalvar və ya yubka) qiyməti 40-45, 7-11-ci siniflər üçün 53-55 manatdır.

Xəbər lenti

Xəbər lenti