Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələnin qurbanlarına maddi yardım etmək məqsədi ilə İran Milli Bankının Bakı filialında hesab açılıb. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.
İsgəndəri bildirib ki, Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ qurbanlarına maddi yardımlar etmək üçün səfirliyə edilən çoxsaylı müraciətləri nəzərə alaraq, İranın Qırmızı Aypara Cəmiyyətinin İran Milli Bankının Bakı filalındakı 3411020000004 hesab nömrəsi bunun üçün nəzərdə tutulub.
İsgəndərinin sözlərinə görə, həmin hesaba maddi yardımlar manat, avro və dollarla həyata keçirilə bilər.
Qeyd edək ki, İranın Şərqi Azərbaycan əyalətində avqustun 11-də 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.