...

Avqustun 24-dən Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 22 Avqust 2012 14:53 (UTC +04:00)
Avqustun 24-dən Azərbaycanda havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq.
Avqustun 24-dən Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Avqustun 24-dən Azərbaycanda havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustun 26-na kimi ölkədə kəskin istilər olmayacaq. Avqustun 24, 25 və 26-da havanın temperaturu yüksəlsə də, Bakıda və Abşeron yarımadasında maksimum temperatur 33 dərəcədən yüksək olmayacaq.

Verdiyev bildirib ki, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında 25-29 dərəcə isti olacaq.

Avqustun 24 və 25-də isə cənub küləyi əsəcək. Avqustun 24-də havanın temperaturu 27-31, 25-də 28-33 dərəcə isti olacaq.

Avqustun 24-25-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ancaq gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz Aran rayonlarında 29-34, dağlarda 20-25 dərəcə isti olacaq.

Verdiyev hazırda ölkə ərazisində müşahidə edilən hava şəraitinin avqust ayı üçün anomal hesab edilmədiyini də deyib.

Xəbər lenti

Xəbər lenti