...

Azərbaycanda diabetli şəxslərin hüquqlarına həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 12 Sentyabr 2012 20:30 (UTC +04:00)
Son illər dünyada diabetli şəxslərin sayı durmadan artmaqdadır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu gün 300 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir.
Azərbaycanda diabetli şəxslərin hüquqlarına həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Son illər dünyada diabetli şəxslərin sayı durmadan artmaqdadır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, bu gün 300 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir. Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu fikirlər Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin Azərbaycan Diabet Cəmiyyəti ilə birgə "Diabetli şəxslərin hüquqlarının təmin edilməsinə dəstək" mövzusunda keçirdiyi "dəyirmi masa"da səslənib.

Milli Məclisin deputatı, Səhiyyə Nazirliyinin baş endokrinoloqu, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənovun, aidiyyəti dövlət orqanlarının, müvafiq səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, həmçinin diabetli insanların iştirakı ilə keçirilən bu tədbirin əsas məqsədi ölkədə bu xəstəliyə tutulmuş şəxslərin hüquqlarının təmini vəziyyətini müzakirə etməklə cəmiyyətin diqqətini onların problemlərinin həllinə cəlb etməkdən ibarət olub.

Tədbiri açan ombudsman Elmira Süleymanova bu xəstəliyin xeyli "cavanlaşaraq", uşaqlar arasında da geniş yayılmış xroniki xəstəliklərdən birinə çevrilməsinin böyük narahatlıq doğurduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, diabetin sürətli artımı eyni zamanda tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlərin də yaranmasına səbəb olur. Ombudsman bildirib ki, diabet xroniki, ağır xəstəlik olmaqla yanaşı, həm də ciddi fəsadlarla müşayiət olunan, ailələr və ölkələr üçün də böyük problemlər yaradan xəstəlikdir.

Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan və bu xəstəlikdən əziyyət çəkən uşaqları daim diqqət mərkəzində saxlayır. Adıçəkilən Fondun dəstəyi ilə bir sıra müəssisələrdə, o cümlədən Bilgəhdəki "Məslək" düşərgəsində müalicə olunan, müxtəlif xəstəliklərdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkən uşaqlara qayğı ilə yanaşıldığı vurğulanıb.

"Dəyirmi masa"da ombudsman səmərəli təkliflər irəli sürüb. Diabetli şəxslərin ölkənin hər bir rayonunda, o cümlədən ucqar bölgələrdə erkən aşkarlanması, real vəziyyətin dəyərləndirilməsi və bu qəbildən olan xəstələrin diaqnostikasının təşkili, uçota götürülməsi, məlumat bankının yaradılması, ehtiyaclarının öyrənilməsi, onlayn məlumatların Azərbaycan dillində də yayılması, uşaqlar üçün elektron sağlamlıq kartlarının təşkili, keyfiyyətli tibbi xidmət, bu xəstəlikdən əziyyət çəkən şəxslərə fərdi qaydada yanaşılması, onların lazımi preparatlarla təmin olunması, ailədə valideynlər arasında diabetli şəxslər varsa, uşaqlar üçün risk faktorunun müəyyənləşdirilməsi, müntəzəm olaraq yoxlanılması, diabetli şəxslərin problemləri ilə bağlı təkliflərin Səhiyyə Nazirliyinə və başqa səlahiyyətli qurumlara göndərilməsi və bir sıra digər təkliflər bu qəbildəndir.

Xəbər lenti

Xəbər lenti