...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların şikayət ərizələrini araşdırıb (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2012 16:52 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov tərəfindən Gəncə şəhərində bölgədə yerləşən 15 rayon üzrə 16 nəfər vətəndaş qəbul edilib və onların Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də nazirliyə ünvanladıqları şikayət ərizələri araşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların şikayət ərizələrini araşdırıb (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov tərəfindən Gəncə şəhərində bölgədə yerləşən 15 rayon üzrə 16 nəfər vətəndaş qəbul edilib və onların Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də nazirliyə ünvanladıqları şikayət ərizələri araşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölgə üzrə strukturlarının məsul şəxslərinin iştirak etdiyi tədbirdə şikayət ərizələri araşdırılarkən ayrı-ayrı vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara müvafiq qanunvericilik barədə izahatlar verilib.

Bununla yanaşı, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib.

Aparat rəhbəri Elnur Kələntərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.

Bununla yanaşı, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayonu üzrə Tibbi-sosial ekspert komissiyasının yeni inzibati binasının açılışı olub və vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış keçirilib.

Qeyd edək ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 850 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.

Xəbər lenti

Xəbər lenti