Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bir hərbiçinin ölümü, iki hərbiçinin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirli bilinən Ehtiram Həsənovun məhkəməsi başa çatıb.
Cəlilabad Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, Həsənov məhkəmənin hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 137-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində Akif Zeynalovun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Ehtiram Həsənovun idarə etdiyi "VAZ 2107" markalı maşınla toqquşmuşdu.
Nəticədə "VAZ 2107"-də olan, Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş leytenantı hadisə yerində dünyasını dəyişmişdi. Avtomobildə olan digər hərbiçilər - leytenant Pərviz Əliyev və sürücü, tağım komandiri, leytenant Ehtiram Həsənov ağır xəsarət almışdı.