...

TürkPA gənc liderləri İstanbula toplayır

Cəmiyyət Materials 11 Oktyabr 2012 12:19 (UTC +04:00)
TürkPA Beynəlxalq Katibliyi Türkiyənin İstanbul şəhərində "Dövlətlərarası əməkdaşlığın inkişafi prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forum keçirəcək.
TürkPA gənc liderləri İstanbula toplayır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

TürkPA Beynəlxalq Katibliyi Türkiyənin İstanbul şəhərində "Dövlətlərarası əməkdaşlığın inkişafi prosesində gənc liderlərin rolu" mövzusunda beynəlxalq forum keçirəcək.

TürkPA-dan cümə axşamı Trend-ə verilən məlumata görə, 14-16 oktyabrda konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik daxilidə irəliyə aparmaq və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.

"Günümüzün regiondakı gənc liderləri gələcəyin liderləridir" şüarı ilə təşkil olunacaq forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verəcək.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.

Beynəlxalq forumun sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun bir dostluq və qardaşlıq evi olmasının səsləndirilməsi və bu məqsədlə ortaq müraciətin qəbul olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti