...

"Azərsu" ASC-nin layihəsi Bentley Beynəlxalq Layihə Müsabiqəsində qiymətləndirilib

Cəmiyyət Materials 11 Oktyabr 2012 17:20 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyata keçirdiyi yeni Coğrafi İnformasiya Sistemi (AzərsuCİS) layihəsi dünyanın ən nüfuzlu müsabiqələrindən olan Bentley Beynəlxalq Layihə Müsabiqəsinin (Be Inspired Awards) münsiflər heyəti tərəfindən final mərhələsində qiymətləndirməyə layiq görülmüşdür.
"Azərsu" ASC-nin layihəsi Bentley Beynəlxalq Layihə Müsabiqəsində qiymətləndirilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyata keçirdiyi yeni Coğrafi İnformasiya Sistemi (AzərsuCİS) layihəsi dünyanın ən nüfuzlu müsabiqələrindən olan Bentley Beynəlxalq Layihə Müsabiqəsinin (Be Inspired Awards) münsiflər heyəti tərəfindən final mərhələsində qiymətləndirməyə layiq görülmüşdür.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, final mərhələsi 13-14 noyabr 2012-ci il tarixlərində Hollandiyanın Amsterdam şəhərində keçiriləcək müsabiqənin əsas iddiaçılarından olan AzərsuCİS layihəsi ölkə üzrə içməli və çirkab suların, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir.

Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda həm içməli su, həm çirkab suları, həm də yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək, tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq. "Azərsu" ASC ilkin mərhələdə layihəni Bakı şəhərində, sonra isə bütün ölkə ərazisində tətbiq etməyi planlaşdırır. Bütün bu işlər Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir.

Müsabiqənin "İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər" kateqoriyasında "Azərsu" ASC-nin təqdim etdiyi "Azərbaycanda yeraltı infrastrukturun idarə olunması - AzərsuCİS" layihəsi ilə yanaşı Gannett Fleming Inc. və NJS Engineers India Pvt. Ltd. şirkətinin layihələri də finalda qiymətləndiriləcək. İlkin mərhələdə müsabiqəyə bu mövzuda 270-dən çox layihə təqdim olunmuşdu.

Yekun qiymətləndirmə finala vəsiqə qazanmış layihələrin təqdimatından sonra aparılacaq. Bu zaman layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər və onun verəcəyi fayda əsas götürüləcək. Tədbir çərçivəsində "Azərsu" ASC-nin müsabiqəyə təqdim etdiyi layihə qurumun beynəlxalq arenada tanınması ilə yanaşı, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi və istifadəsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Bentley Beynəlxalq Layihə Müsabiqəsinin keçirilməsində məqsəd ayrı-ayrı ölkələrdə dizayn, mühəndislik, inşaat layihələri üzrə müasir texnologiya və metodlardan istifadə edən qurumları bu işə cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti