Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti bəzi sənədlərə etdiyi dəyişikliklər etməklə Təhsil Nazirliyinin bəzi səlahiyyətlərini ləğv edib.
Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda ümumtəhsil məktəbində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydalarını müəyyənləşdirmək səlahiyyətləri yalnız Azərbaycan Nazirlər Kabinetinə aid olacaq.
Bu, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb. İndiyədək attestasiyanın keçirilməsi qaydaları Nazirlər Kabineti ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən də müəyyən edilirdi.
"Orta ixtisas təhsili nümunəvi nizamnaməsi"nə edilən yeni dəyişikliklərinə uyğun olaraq, Azərbaycanda ali məktəb tələbələrinin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları bundan sonra yalnız Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.
Əvvəlki nizamnaməyə görə, dövlət attestasiyasının keçirilməsi qaydaları öz səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdirilirdi.
Nizamnaməyə edilən yeni dəyişikliyə əsasən, təhsil alanların Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada deyil, NK-nın müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək hüququ var.