...

Azərbaycanda uşaqların dilənçiliyə cəlb olunması ilə bağlı son vəziyyət açıqlandı

Cəmiyyət Materials 12 Oktyabr 2012 12:45 (UTC +04:00)
Azərbaycanda bu ilin 9 ayında uşaqların valideynləri tərəfindən dilənçiliyə cəlb olunması ilə bağlı 300-dən artıq fakt aşkarlanıb.
Azərbaycanda uşaqların dilənçiliyə cəlb olunması ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında uşaqların valideynləri tərəfindən dilənçiliyə cəlb olunması ilə bağlı 300-dən artıq fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev cümə günü Trend-ə bildirib ki, dilənçiliyə cəlb olunan uşaqların əksəriyyəti məktəbəqədər yaşlı uşaqlardır.

Şöbə rəisi deyib ki, daxili işlər orqanları tərəfindən qeydə alınan faktların böyük qismi uşaqların təkrar dilənçiliyə cəlb olunması ilə bağlıdır.

İmamverdiyev bildirib ki, bu ilin ötən dövründə qeydə alınan dilənçiliyə cəlb etmə faktları Ağdaş və Yevlax rayonlarından olan uşaqlarla bağlıdır. Həmin uşaqlar həm öz rayonlarında, həm də Bakıda dilənçilik edirlər.

Onun sözlərinə görə, uşaqlarını dilənçiliyə cəlb edən valideynlər barəsində inzibati cəza tədbirləri tətbiq olunur.

Bu ilin 9 ayında 200-ə yaxın valideyn inzibati məsuliyyətə cəlb olunub. Şöbə rəisi bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların dilənçiliyə cəlb olunması faktlarının sayında azalma qeydə alınıb.

İmamverdiyev qeyd edib ki, bu il ərzində uşaqların qanunsuz olaraq əməyə cəlb olunması ilə bağlı 10 fakt qeydə alınıb.

Bu faktlar daha çox rayonlarda, əsasən də Yevlax, Balakən, Şəki, Şirvanda qeydə alınıb.

Onun sözlərinə görə, iaşə obyektlərinin rəhbərləri ilə əldə olunan razılıq əsasında heç bir müqavilə bağlanılmadan uşaqlar müəyyən işlərdə - yeməkxana və çayxanalarda, avtobuslarda müəyyən xidmətlərlə qanunsuz məşğul olurlar.

Bu faktların daxili işlər orqanları tərəfindən rəsmiləşdirildiyini deyən şöbə müdiri bildirib ki, qanunsuzluq aşkarlanan iaşə obyektlərinin cavabdeh şəxsləri də inzibati məsuliyyətə cəlb olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti