...

Zaqatalada zəlzələ ilə əlaqədar bütün uşaq bağçaları və iki məktəb bağlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2012 10:51 (UTC +04:00)
Azərbaycanın şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində Zaqatalada uşaq bağçalarında təlim-tərbiyə prosesi dayandırılıb.
Zaqatalada zəlzələ ilə əlaqədar bütün uşaq bağçaları və iki məktəb bağlanıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində baş vermiş güclü zəlzələ nəticəsində Zaqatalada uşaq bağçalarında təlim-tərbiyə prosesi dayandırılıb.

Bu barədə Trend-ə məlumat verən Zaqatala rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib ki, dünən baş vermiş zəlzələdən sonra rayonda 2 orta məktəb tamamilə qəzalı vəziyyətə düşüb və həmin məktəblərdə tədris dayandırılıb. 5 orta məktəbdə qəzalı vəziyyət yarandığından tədris məhdudlaşdırılıb.

Komissiya sədrinin sözlərinə görə, FHN-in nümayəndələri həmin məktəblərə baxış keçirdikdən sonra orada tədrisin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək.

Ramazanov deyib ki, zəlzələdən sonra rayonun 15 kəndində 15 fərdi yaşayış evində qəzalı vəziyyət yaranıb.

Onun sözlərinə görə, əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşən evlərin çoxunda bərpa-gücləndirmə işləri aparılsa da, son zəlzələdən sonra həmin evlərin əksəriyyətinin qəzalı vəziyyətə düşəcəyi istisna olunmur.

Komissiya sədri zəlzələ zamanı Zaqatalada ölən və xəsarət alanların olmadığını qeyd edib.

Qeyd edək ki, dünən şimal-qərb zonasında bir neçə zəlzələ qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti