Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
Ümumdünya Turizm Təşkilatının (ÜTT) "Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı" çərçivəsində növbəti seminarı Bakıda keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ÜTT-nin "2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı"nın Azərbaycanda keçirilməsinə dair cari ilin 23 mart tarixində İspaniyanın Madrid şəhərində ÜTT və nazirlik arasında anlaşma memorandumu imzalanmışdı.
Birinci regional seminarı 2011-ci ilin 22-25 noyabr tarixində keçirilən Proqramın növbəti regional seminarı cari ilin 7-9 noyabr tarixində Bakıda keçiriləcək.
Qeyd olunan regional seminarda ÜTT-yə üzv olan Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının, həmçinin Mərkəzi Bankın nümayəndələrinin, ÜTT-nin məsul əməkdaşlarının və statistika sahəsində ekspertlərinin iştirakı nəzərdə tutulub.
Azərbaycan tərəfi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Komitəsi tərəfindən təmsil olunacaq.