Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Bu gün Bakı Ali Neft Məktəbində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
BANM-dən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov iştirak edib.
Tədbirdən öncə Əsgərov və BANM-in rektoru Elmar Qasımov ali məktəbin binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar.
Qasımov qonağı təhsil ocağında yaradılmış infrastrukturla tanış edib, ali məktəbin fəaliyyəti ilə bağlı məlumatlar verib. Daha sonra Ali Məktəbin konfrans zalında Ziyafət Əsgərovun BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib.
Rektor Elmar Qasımov qonağı kollektiv adından salamlayıb. Əsgərov Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılması, onun dövlətçilikdə rolu və əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda Ziyafət Əsgərov əməkdaşların və tələbələrin konstitusiya ilə bağlı çoxsaylı suallarını cavablandırıb.