...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Ermənistan KİV-ləri ilə bağlı bəyanat verib

Cəmiyyət Materials 12 Noyabr 2012 15:13 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilmiş "WTM 2012" Beynəlxalq Turizm Sərgisi zamanı Ermənistan KİV-də yayılmış yanlış məlumatlarla bağlı bəyanat verib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Ermənistan KİV-ləri ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilmiş "WTM 2012" Beynəlxalq Turizm Sərgisi zamanı Ermənistan KİV-də yayılmış yanlış məlumatlarla bağlı bəyanat verib. Trend bazar ertəsi nazirliyin saytına istinadən xəbər verir ki, 5-8 noyabr tarixində Londonda keçirilmiş "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təmsil olunub.

Sərgi günlərində Ermənistanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan stendində bu ölkəyə qarşı təbliğat-təşviqat materiallarının paylanılması və Ermənistan nümayəndələri ilə Sərginin Təşkilat Komitəsi tərəfindən bu kampaniyanın qarşısının alınması barədə bir sıra yanlış məlumatlar öz əksini tapıb.

Qeyd olunanlarla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, təmsil olunduğu hər bir beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin ayrıca stendlə təmsil olunmasının qarşısını alır. Bu məsələdə Ermənistan tərəfindən hər hansı bir cəhd olunduğu təqdirdə, nazirliyin nümayəndələri və ya həmin ölkədə akkreditə olunmuş Azərbaycan səfirliyi sərgi təşkilatçılarına dərhal məlumat verir və onlar tərəfindən müvafiq tədbirlər görülür.

Ölkəmizin stendindəki bütün çap məhsullarında verilən məlumatlar isə dünya ictimaiyyəti tərəfindən dəstəklənən respublikamızın ərazi bütövlüyü çərçivəsində təqdim olunur və buna görə də onların paylanması heç vaxt sərgi təşkilatçıları tərəfindən sual altına qoyulmur.

Hər il olduğu kimi bu il də "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Dağlıq Qarabağ bölgəsi ayrıca stendlə təmsil olunmayıb (Ermənistan stendində "Karabakh" adlı şirkət iştirak edib), ölkəmizə aid stenddə Azərbaycanın digər turizm potensiallı regionları ilə yanaşı, Qarabağ və Şuşa ilə bağlı bukletlər ziyarətçilərə paylanıb və sərgi təşkilatçıları tərəfindən hər hansı bir xoşagəlməz hadisə baş verməyib.

"Bütün bunları nəzərə alaraq, Ermənistanın kütləvi informasiya vasitələrində yayılan məlumatları tamamilə əsassız hesab edirik və bu iftiraların həmin ölkənin daxili siyasətində müəyyən dividentlərin qazanılması məqsədilə hazırlanması kimi qiymətləndiririk", - bəyanatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti