...

Azərbaycan yeni ünvan sisteminə keçir (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2012 17:41 (UTC +04:00)
Azərbaycanda ünvanvermə işinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində sürətli inkişaf mərhələsini yaşayan ölkəmizdə müasir Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla ünvanvermə qaydalarında yeni yanaşmaların tətbiqi məqsədəuyğun sayılıb.
Azərbaycan yeni ünvan sisteminə keçir (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanda ünvanvermə işinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində sürətli inkişaf mərhələsini yaşayan ölkəmizdə müasir Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla ünvanvermə qaydalarında yeni yanaşmaların tətbiqi məqsədəuyğun sayılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, yeni qaydalar Avropa Şurasının Avropada Ünvan Məlumatları İnfrastrukturu və Avropa Məkan Məlumatları İnfrastrukturuna dair tövsiyə və direktivlərinə əsaslanır ki, əksər ölkələr bu sistemə yeni keçməkdədirlər.

Dövlət Komitəsi və Norveç Kadastr Təşkilatı tərəfindən Norveç hökumətinin ayırdığı qrant hesabına Yeni Ünvan Reyestri İnformasiya Sisteminin Texniki Spesifikasiyalarını hazırlamaq üçün beynəlxalq məsləhətçi cəlb edilib. Ən müasir yanaşma və tələblər əsasında sistemin texniki əsaslandırılması və standart tələbləri hazırlanıb. Bu əsasda bilavasitə sistemin hazırlanması məqsədilə təcrübəli şirkətin seçilməsi üçün açıq tender keçirilib və tenderdə Cənubi Koreyanın SK C&C şirkəti qalib olub. Artıq sistemin hazırlanması işləri başa çatdırılmaq üzrədir və 2013-cü ildən istifadəyə veriləcək.

Binaların giriş konsepsiyasına əsaslanan yeni ünvanvermə qaydalarının qüvvəyə minəcəyi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlıq işləri aparılır. Şəhər və rayonlarımızda ünvan sahəsində problemlərin bir hissəsi küçə və prospektlərin adsız olması və ya əvvəlki dövrlərdə verilmiş küçə və prospekt adlarının dövrün tələblərinə uyğunlaşmaması ilə bağlıdır. Bu məqsədlə xüsusi işçi qrupları yaradılıb, onlara yeni ünvanvermə qaydaları ilə bağlı nəzəri və praktiki biliklərə dair təlimlər keçirilib.

Artıq Dövlət Komitəsi tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu məsələnin həllində də şəhərlərimizin memarlıq üslub və ənənələrinə sadiqlik göstərməklə, ünvan lövhələri üçün müasir dizayn həllini tapıb. Həmin nümunələr təsdiq edildikdən sonra müasir dizaynlı lövhələrin yaxın zamanlarda Cənubi Koreyada istehsalına və respublikaya gətirilməsinə başlanılacaq. Cənubi Koreyada istehsal ediləcək ünvan lövhələri keyfiyyətinə və davamlılığına görə Avropa ölkələrindəki ünvan nişanlarından geri qalmayacaq, bəzi xüsusiyyətlərinə görə isə onları da üstələyəcək.

İlkin mərhələdə Bakı şəhərinin 80-ə yaxın küçə və prospektlərində binalara, onların girişlərinə yeni qaydalara uyğun ünvan adları və nömrələrinin verilməsi başa çatdırılıb.

Yeni ünvanvermə işləri, müasir dizaynlı ünvan lövhələrinin istehsalı və quraşdırılması dövlət orqanlarının, o cümlədən qeydiyyat, təcili yardım, poçt, yanğından mühafizə, tikinti və şəhərsalma, nəqliyyat və digər bu kimi fəaliyyət sahələrində qərar qəbulunun və işlərin asanlaşdırılmasına gətirib çıxaracaq.

Ünvanların yeni qaydada müəyyən edilməsi və fəaliyyəti, ünvanvermə sahəsində elektron, o cümlədən internet əsaslı xidmətlərin tətbiq edilməsi ölkəmizdə sosial və vətəndaşlara xidmət sahəsində görülən davamlı tədbirlərin tərkib hissəsi olmaqla Azərbaycan əhalisinin sosial-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması tədbirlərindəndir.

Qeyd edək ki, Azərbaycan Prezidenti 10 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti