...

İtaliya-Azərbaycan Ticarət İnstitutunun təsisat konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2012 22:49 (UTC +04:00)
Romada imperator Adrian muzeyində bazar ertəsi Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələri təşviq edəcək İtaliya-Azərbaycan Ticarət İnstitutunun (Istituto per il Commercio Italo-Azerbaigiano) təsisat konfransı keçirilib.
İtaliya-Azərbaycan Ticarət İnstitutunun təsisat konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Romada imperator Adrian muzeyində bazar ertəsi Azərbaycan ilə İtaliya arasında iqtisadi əlaqələri təşviq edəcək İtaliya-Azərbaycan Ticarət İnstitutunun (Istituto per il Commercio Italo-Azerbaigiano) təsisat konfransı keçirilib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyində məlumat verilib.

"İtaliya və Azərbaycan: işgüzar tərəfdaşlar - sahibkarlıq imkanları və perspektivləri" mövzusunda keçirilmiş konfransda İtaliyanın müxtəlif dövlət və işgüzar təşkilatlarının, Azərbaycanda artıq çalışan və əməkdaşlıq etməyə maraq göstərən şirkətlərin nümayəndələri olmaqla toplam 150-dək nümayəndə iştirak edib.

Konfransı İtaliyalı iş adamı, vəkil xanım Manuela Traldi açaraq son illər İtaliyanın işgüzar dairələrinin Azərbaycan ilə əməkdaşlığa marağının getdikcə artması təmayülünün müşahidə olunduğu vurğulamış, nəticə etibarilə, iki ölkənin iş adamlarını birləşdirən İtaliya-Azərbaycan Ticarət İnstitutunun təsis edilməsini bəyan edib.

Konfransda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirakçılara Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayülləri, makroiqtisadi vəziyyəti və Azərbaycan-İtaliya münasibətlərinin inkişafına dair məlumat vermişdir. O, İtaliyanın Azərbaycanın başlıca ticarət tərəfdaşı və ölkəmizin İtaliyanın əsas neft təchizatçılarından biri olmasını vurğulamış, ölkədə və regionda həyata keçirilən enerji və nəqliyyat infrastrukturu layihələrinə toxunub.

Konfransda əsas məruzəçi qismində çıxış edən Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Orxan Məmmədov Azərbaycanda biznes və investisiya imkanları mövzusunda müfəssəl təqdimat ilə çıxış etmişdir. Təqdimatda Azərbaycanda xarici iş adamları üçün yaradılmış əlverişli işgüzar mühitə dair ətraflı məlumat verilmiş, ölkə iqtisadiyyatının müxtəlif sahələrində mövcud olan geniş imkanlara toxunulmuş və Azərbaycanın iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməkdə maraqlı olduğu bildirilmişdir.

Tədbirdə çıxış edən Roma Ticarət Palatasının prezidenti Cankarlo Kremonezi Azərbaycanın zəngin iqtisadi və biznes potensialına malik ölkə olmaqla yanaşı, dünyada multikulturalizm və dini dözümlülük nümunəsi olduğunu və bu xüsusda İtaliya iş adamlarının diqqətini cəlb etdiyini vurğulamışdır. İtaliyanın İqtisadi inkişaf nazirinin diplomatik müşaviri səfir Daniele Mançini Azərbaycanın İtaliyanın mühüm prioritet tərəfdaşı olduğunu, iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız enerji sahəsində deyil, qeyri-neft sektorunda da böyük potensiala malik olduğunu qeyd etmişdir.

Konfransda həmçinin, İtaliyanın müxtəlif dövlət və işgüzar təşkilatlarının (İtaliya Xarici Ticarət İnstitutu (İCE), İtaliya şirkətlərinin xaricdə təşviqi təşkilatı (SİMEST), İtaliyanın ixrac kreditləri, sığorta və investisiyaların qorunması təşkilatı (SACE)) nümayəndələri, Azərbaycanda artıq çalışan və əməkdaşlıq etməyə maraq göstərən şirkətlərin nümayəndələri çıxışlar etmişlər.

Xəbər lenti

Xəbər lenti