...

Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə yeni qanunvericiliklə tənzimlənəcək

Cəmiyyət Materials 9 Dekabr 2012 10:00 (UTC +04:00)
Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə məsələləri yeni qanunvericiliklə tənzimlənəcək.
Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə yeni qanunvericiliklə tənzimlənəcək

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mədəniyyət sahəsində özəlləşdirilmə məsələləri yeni qanunvericiliklə tənzimlənəcək.

Milli Məclisdən Trend-ə bildiriblər ki, "Mədəniyyət haqqında" hazırlanan yeni qanun layihəsində mədəniyyət sahəsinə aid obyektlərin özəlləşdirilməsi qaydası, şərtləri və özəlləşdirilmə sahəsində qadağalar əks olunacaq.

Sənəddə qeyd olunur ki, özəlləşdirilən mədəniyyət obyektinin sahibi əmək kollektivi üzvlərinin ən azı bir il müddətində öz iş yerlərində saxlanılmasını təmin etməlidir.

Özəlləşdirilmiş mədəniyyət obyektinin əsas fəaliyyəti mədəni sərvətlərin bərpası, qorunması və təbliği, mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərin göstərilməsi və bu xidmətlərin əhaliyə güzəştli şərtlərlə təqdim edilməsi olmalıdır.

Qanun layihəsində qadağalarla bağlı qeyd olunur ki, dövlət və bələdiyyə mülkiyyətində olan bir sıra obyektlərin özəlləşdirilməsinə icazə verilmir. Bunlar Azərbaycan milli mədəni irsinə aid olan obyektlər, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş obyektlər, dövlət və bələdiyyə mülkiyyətinə aid olan muzey, arxiv, kino, kitabxana, foto, arxiv və fondlarda saxlanılan maddi mədəniyyət obyektləri və binalar, təbii irsə aid obyektlərdir.

Xəbər lenti

Xəbər lenti