Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (İEA) tərəfindən həyata keçirilən TIMSS 2011 (Trends in Mathematics and Science Study) və PIRLS 2011 (Progress in International Reading Literacy Study) beynəlxalq tədqiqatlarının nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, TIMSS 2011 və PIRLS 2011 proqramlarında ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 325 mindən çox, Azərbaycan üzrə isə 169 ümumtəhsil məktəbinin 4882 nəfər IV sinif şagirdi iştirak edib.
TIMSS 2011 riyaziyyat üzrə tədqiqat iştirakçılarının nailiyyətlərinə görə Azərbaycan 463 orta bal toplamaqla siyahıda 53 ölkə arasında 36-cı, TIMSS 2011 təbiət elmləri üzrə tədqiqat iştirakçılarının nailiyyətlərinə görə 41-ci yeri tutub. PIRLS 2011 üzrə tədqiqat iştirakçılarının nailiyyət göstəricilərinə görə ölkəmiz 462 orta balla 51 ölkə arasında 37-ci yeri qazana bilib.
TIMSS kurikulum üzrə riyaziyyat və təbiət elmlərinə aid bacarıqları qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramıdır. 1995-ci ildən fəaliyyətə başlayan tədqiqat hər dörd ildən bir aparılır. PIRLS kurikulum üzrə oxu bacarıqlarını (şagirdlərin mətni üzündən oxuması, hərfləri tanıması nəzərdə tutulmur, oxu bacarığı şagirdlərin oxuduqları mətnləri qavrama bacarığıdır) qiymətləndirən beynəlxalq qiymətləndirmə proqramıdır. 2001-ci ildən fəaliyyətə başlayan proqram hər beş ildən bir aparılır. Azərbaycan TIMSS və PIRLS tədqiqatları proqramlarına 2011-ci ildə qoşulub.