Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Bu gün Sankt-Peterburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan bildiriblər.
Məlumata əsasən, mərasim Qoroxov küçəsi, 6 ünvanında Azərbaycan dövlətinin qurucusunun barelyefinə gül dəstələrinin qoyulması ilə başlayıb.
Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu, Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburq nümayəndəliyi, "Naxçıvan" Azərbaycanlıların Dostları Cəmiyyəti, həmçinin yerli Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarına görkəmli siyasətçinin həyatı, müasir Azərbaycanın dirçəlişi və möhkəmləndirilməsinə fəaliyyəti və rolu barədə danışılıb. Çıxış edənlər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara böyük diqqət ayırmasını və dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun birləşməsində rolunu qeyd ediblər.
Sankt-Peterburqda Qoroxov küçəsindəki evdə Heydər Əliyevin barelyefi 2005-ci ildə qoyulub. Heydər Əliyev 1949-50-ci illərdə burada təhsil alıb. Barelyefin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdi.