...

Azərbaycanda qış üçün xarakterik olmayan hava şəraitinin insanlara mənfi təsiri açıqlandı

Cəmiyyət Materials 22 Yanvar 2013 12:18 (UTC +04:00)
Azərbaycanda qış üçün xarakterik olmayan hava şəraitinin müşahidə edilməsi insanların səhhətinə mənfi təsir göstərəcək.
Azərbaycanda qış üçün xarakterik olmayan hava şəraitinin insanlara mənfi təsiri açıqlandı

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qış üçün xarakterik olmayan hava şəraitinin müşahidə edilməsi insanların səhhətinə mənfi təsir göstərəcək. Bunu çərşənbə axşamı Trend-ə Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, əslində, hazırda qışın oğlan çağı - soyuq və qarlı hava şəraiti olmalıdır. Ancaq indi ölkədə yazqabağı müşahidə edilən hava şəraiti hökm sürür.

Baxşəliyev deyib ki, bir neçə gün əvvəl Bakıda gündüz saatlarında 1 dərəcə şaxta müşahidə edildiyi halda, indi temperatur 13-18 dərəcəyə yüksəlir. Halbuki soyuq havalardan sonra isti hava tədricən yaranmalıdır. Bu, baş vermədiyi üçün insan orqanizmi belə hava dəyişkənliyinə birdən-birə öyrəşə bilmir, onun orqanizmindəki bioloji ritmlər öz yerini bir qədər dəyişir. Bunun nəticəsində insanlarda hipertonik kriz, ürəkdə stenokardiya tutması, ürək astması, ağçiyər ödemi, infakt baş verə bilər. Damarlarında həssaslıq çox olan insanlarda isə meteopatik reaksiyalar yaranar.

"Artıq bir neçə xəstə mənə müraciət edərək bildirib ki, havanın belə isti keçməsi onlarda stenokardiya tutması əmələ gətirib. Son bir neçə gündə müraciətlər çoxalıb. Belə xəstələrə dərmanaların dozasını artırmağı məsləhət görmüşəm", - Baxşəliyev qeyd edib.

O bildirib ki, hava isti olduğundan bəzi insanlar açıq havaya başlarını örtmədən çıxacaqlar, paltolarını daha nazik üst geyimi ilə əvəz edəcəklər. Bu da insanlarda soyuqlamanın yaranmasına gətirib çıxaracaq və qripin baş verməsi üçün münbit şərait yaradacaq. Ancaq nəzərə almaq lazımdır ki, bir çox xəstəliklərin güclənməsinə soyuqdəymə təsir göstərir.

Kardioloq məsləhət görür ki, əgər belə hava şəraiti insanların səhhətində problem yaratsa - təzyiq qalxsa, ürək döyüntülərinin miqdarı artsa, ürək nahiyəsində stenokardik ağrılar əmələ gəlsə, ürəklərini kardioqram etdirsinlər, müalicə həkimlərinə müraciət etsinlər və dərmanlarının dozasını bir qədər artırsınlar.

Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov da Trend-ə bildirib ki, iqlimin belə dəyişməsi ürək-damar, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə təsir göstərir. Hava şəratinin dəyişməsi insanlara yaşından, xəstəliyin ağırlıq dərəcəsindən, orqanizmin gücündən asılı olaraq təsir göstərir. Bu amillərdən asılı olaraq, xəstələrin orqanizmlərində müxtəlif dəyişikliklər baş verə bilər.

Baş terapevtin sözlərinə görə, hava şəraitinin dəyişməsi meteoroloji həssas insanlara bu və digər dərəcədə təsir göstərir. Amma orqanizmin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq, hava şəraitinin dəyişməsinin müxtəlif yaş dövrlərində olan insanların səhhətində problemlər yaratması mümkündür.

"Əlbəttə ki, yaşı 50-dən yuxarı olan insanlarda orqanizmin müxtəlif orqanlarının funksiyalarında istər-istəməz müəyyən məhdudiyyətlər yaranır. Hava şəraitinin dəyişməsi yaşlı, amma sağlam insanlara nisbətən xroniki xəstəliyi olan insanlarda daha tez fəsadlar yarada bilər", - Qurbanov deyib.

Baş terapevt bildirib ki, əgər havanın temperaturu yüksələn zaman atmosfer təzyiqi də dəyişərsə, bu, ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin səhhətlərinə daha çox təsir göstərir.

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev isə Trend-ə bildirib ki, havaların temperaturunun yüksəlməsi insanlarda immunitetin zəifləməsinə gətirib çıxara, bunun da nəticəsində insanlarda soyuqdəymə halları yarana bilər. Belə halların baş verməməsi üçün insanlar öz immunitetlərini daha da gücləndirməli, geyimlərinə qarşı diqqətli olmalıdırlar.

Qeyd edk ki, bu gün gündüz saatlarında Bakıda havanın temperaturu 18 dərəcəyədək yüksələcək. Sinoptiklər yanvarın 22-dən 24-dək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin bəzi meteohəssas insanlarda diskomfort hissi yaradacağını da açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti