...

Kür çayı genişləndirilir

Cəmiyyət Materials 22 Yanvar 2013 22:02 (UTC +04:00)
Son vaxtlar Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxması müşahidə olunur. Buna baxmayaraq gələcək daşqınların qarşısını almaq məqsədilə Kürdə dibdərinləşdirmə işləri ilə yanaşı çayın təhlükəli ərazilərində sahilgenişləndirmə işləri də aparılır.
Kür çayı genişləndirilir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Son vaxtlar Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxması müşahidə olunur. Buna baxmayaraq gələcək daşqınların qarşısını almaq məqsədilə Kürdə dibdərinləşdirmə işləri ilə yanaşı çayın təhlükəli ərazilərində sahilgenişləndirmə işləri də aparılır.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, qış aylarında havaların mülayim və isti keçməsi Kür çayına da öz təsirini göstərib. Qarların tədricən əriməsi nəticəsində Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin artımı müşahidə olunur. Təkcə son 3 ayda isə Kürün səviyyəsi artaraq 1,7 metrə çatıb. Bu Kür daşqınlarında ziyan çəkmiş rayon üçün təhlükəli olmasa da, gələcək daşqınların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

Ötən ilin sentyabr ayından başlayaraq Fövqəladə Hallar Nazirliyinə məxsus 1 ədəd xüsusi təyinatlı gəmi ilə çayda dibdərinləşdirmə və lilsovurma işləri davam etdirilir. Bununla yanaşı artıq bir neçə gündür ki, rayonun Şirvan tayında sahilgenişləndirmə işlərinə start verilib. Məqsəd çayın təhlükəli döngə hissələrində sahili genişləndirməklə suyun sürətini tənzimləməkdir.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinə məxsus müxtəlif təyinatlı bir neçə texnika cəlb edilib.Kürün Şirvan tayının təxminən 1 kilometr hissəsində sahilgenişləndirmə işlərinin aparılması nəzərdə tutulub. Əraziyə cəlb olunan texnikaların vasitəsilə yerindən asılı olaraq çayın sahili 10-50 metr arasında genişləndirilir. Sahilə çıxarılmış qum qalaqları isə ağır texnikaların vasitəsilə ətrafa yayılaraq hündürləşdirilir. Qısa bir vaxtda isə çayın 200 metr hissəsində sahilgenişləndirmə işləri aparılıb. Bu proses rayonun digər təhlükəli ərazilərində də davam etdiriləcək.

Mütəxəssislərin fikrincə, çayda bir tərəfdən dibdərinləşdirmə və lilsovurma, digər tərəfdən də sahilgenişləndirmə işlərinin aparılması gələcəkdə baş verə biləcək daşqınların tam qarşısını alacaq.

Xəbər lenti

Xəbər lenti