...

Brüsseldə ombudsmanların II sammiti keçirilib

Cəmiyyət Materials 28 Fevral 2013 15:20 (UTC +04:00)
Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin təşəbbüsü ilə Avropa Birliyinin və Şərq Tərəfdaşlığı ölkələri ombudsmanlarının "Biznes və İnsan hüquqları üzrə rəhbər prinsiplərin implementasiyasında Milli İnsan Hüquqları İnstitutlarının rolu" mövzusuna həsr olunmuş ikinci sammiti keçirilib.
Brüsseldə ombudsmanların II sammiti keçirilib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin təşəbbüsü ilə Avropa Birliyinin və Şərq Tərəfdaşlığı ölkələri ombudsmanlarının "Biznes və İnsan hüquqları üzrə rəhbər prinsiplərin implementasiyasında Milli İnsan Hüquqları İnstitutlarının rolu" mövzusuna həsr olunmuş ikinci sammiti keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin (DROİ) sədr müavini Andrzej Grzyb tədbirin əsas məqsəd və məramını açıqlayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili professor Elmira Süleymanova çıxışında BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini, Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Tvinning layihələrində, TAİEX və digər proqramlarda fəal iştirak etdiyini bildirmiş, ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyasına qoşulduğunu, təklifləri nəzərə alınmaqla BƏT-in "Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar haqqında: ailə vəzifələri olan işçilər" adlı 156 və "Analığın mühafizəsi haqqında" 183 saylı konvensiyalarını ratifikasiya etdiyini diqqətə çatdırıb.

Müvəkkil ölkəmizdə son illər aparılmış islahatlar nəticəsində əhalinin sosial rifahının yaxşılaşdığını, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə şərait yarandığını qeyd etmişdir. Müvəkkil Azərbaycanda yoxsulluğun səviyyəsinin 44,7 faizdən 6 faizə endiyini, işsizliyin isə 5,2 faizə qədər azaldığını vurğulayıb.

Ombudsman ölkədə sahibkarlığın inkişafına istiqamətlənmiş normativ hüquqi aktların qəbulunun, "bir pəncərə" prinsipinin tətbiqinin, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzinin yaradılmasının bu sahədə tərəqqiyə və insan hüquqlarının effektiv müdafiəsinə yönəldiyini qeyd edib.

Müvəkkilin də təklifləri nəzərə alınmaqla qəbul edilmiş, sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, qadınların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili, uşaq əməyinə dair konvensiyalardan, həmçinin BƏT-in sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) icrası ilə bağlı koordinasiya və monitorinq funksiyasının Ombudsman tərəfindən həyata keçirildiyi qeyd olunub.

Sahibkarlıq fəaliyyəti zamanı insan hüquqlarının müdafiəsinin Müvəkkilin diqqət mərkəzində olduğu, aşkar edilmiş nöqsanlarla əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırıldığı, yoxlamaların aparıldığı, təklif və tövsiyələrin verildiyi, bir çox problemlərin öz həllini tapdığı vurğulanıb.

Azərbaycan Ombudsmanı cari ilin fevralında təsisatda Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumları və QHT nümayəndələrinin iştirakı ilə biznes və insan hüquqları mövzusunda keçirilmiş dəyirmi masada mövcud problemlərin həlli perspektivləri, müvafiq beynəlxalq hüquqi sənədlər ətrafında müzakirələrin aparıldığını, sahibkarlıq fəaliyyətinin rəhbər prinsiplərinin milli qanunvericiliyə implementasiyasını və MFP-dən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Müvəkkil Aparatında fəaliyyət göstərən Ekspertlər Şurası tərkibində müvafiq "İşçi qrupu"nun yaradılmasının qərara alındığını söyləyib.

Süleymanova BMT-nin Qlobal Müqaviləsinin əsas prinsiplərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmiz tərəfindən mühüm addımlar atıldığını, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təsis edildiyini, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrasının xüsusi əhəmiyyət kəsb etdiyini, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə respublikamız arasında əməkdaşlığın uğurla davam etdirildiyini söyləyib. Ombudsman Aparatı əməkdaşının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası nəzdində yaradılmış müvafiq işçi qrupunun üzvü kimi fəaliyyət göstərdiyi bildirilib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks təmsil etdiyi təşkilatın üzv ölkələrin Ombudsman təsisatlarının inkişafı üçün fikir mübadiləsinin, müzakirələrin aparılmasına, maliyyə və texniki dəstəyin göstərilməsinə hazır olduğunu qey edib. O, Azərbaycanda olarkən Ombudsman E.Süleymanova ilə görüşdüyünü, cari ildə Moldovaya və Azərbaycana təkrar işgüzar səfərlərinin planlaşdırıldığını bildirib.

Azərbaycan Ombudsmanı N.Mujnieksin çıxışına münasibət bildirərək, Avropa Şurası və Avropa Birliyi ilə əməkdaşlığa xüsusi önəm verdiyini, MİHT-lərə edilən maliyyə və texniki dəstəyi yüksək qiymətləndirdiyini və bu yardımın həmin təsisatların inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Süleymanova qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununda Müvəkkilin insan hüquqlarının müdafiəsi aspektindən biznes fəaliyyətinə müdaxiləsi ilə bağlı səlahiyyəti nəzərdə tutulmayıb. Qeyd olunub ki, bu səbəbdən Ombudsman öz səlahiyyətləri çərçivəsində müxtəlif vasitələrlə biznes və insan hüquqları məsələsinə yanaşmağa səy göstərir, bununla əlaqədar özəl sektorun fəaliyyətinə nəzarəti həyata keçirən dövlət qurumlarını pozulmuş insan hüquqlarının bərpası üzrə tədbirlərin həyata keçirilməsinə cəlb edir.

Son illər Azərbaycanda sahibkarlığın ümumi çəkisinin sürətlə artması səbəbindən biznesin insan hüquqlarına təsirinin gücləndiyi vurğulanıb, sahibkarlıq fəaliyyətinə müdaxilə etmədən bu sahədə hüquq pozuntularının qarşısının alınması, adı çəkilən fəaliyyətin qanuniliyinə dövlət nəzarətinin gücləndirilməsi zərurətinin yarandığı bildirilib.

Bu səbəbdən Ombudsmanın illik məruzələrində mandatının genişləndirilməsinə dair təkliflər verildiyi, bu və digər prioritet istiqamətlərin Müvəkkilin fəaliyyət strategiyasına daxil edilməsinin vacibliyi önə çəkilib.

Müvəkkil BMT-nin biznes və insan hüquqları üzrə rəhbər prinsiplərinə əsaslanaraq, nəzarət və monitorinq funksiyalarının həyata keçirilməsini, sahibkarlarla vətəndaş cəmiyyətinin əlaqələndirilməsi üzrə tədbirlərin təşkilini, bu işə əlavə insan resurslarının cəlb olunmasını, maarifləndirmə işinin aparılmasını, bu sahədə beynəlxalq hüquqi sənədlərin, xüsusən BMT-nin rəhbər prinsiplərinin başa düşülən tərzdə tərcümə olunmasını fəaliyyətin prioritet istiqamətləri kimi diqqətə çatdırıb.

Müzakirələrdə eyni zamanda Ombudsmanların növbəti-üçüncü sammitinin mövzusu üzrə fikir mübadiləsi aparılıb. Süleymanova bu tədbirin mövzusunun Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 60 illiyinə həsr olunmasını təklif edib.

Tədbirin yekununda Azərbaycan Ombudsmanı sammitin təşkilatçılarına minnətdarlığını bildirib və iştirakçıları 18 iyun 2013-cü il tarixində Azərbaycanda "İnsan hüquqları günü"nə həsr olunacaq Ombudsmanların 11-ci Beynəlxalq Bakı Konfransında fəal iştirak etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti