Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizə vermiş bakalavrların 600-ü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanlarında heç bir təhsil müəssisəsinə qəbul olmayanlardır. Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirib. Bakalavrların 437-i ali məktəbləri əvvəlki illərdə başa vurublar. Onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır.
Komissiyadan bildirilib ki, 28 mart 2012-ci il tarixindən etibarən istifadəyə verilmiş "Tələbə-Məzun" Dövlət Elektron Sisteminə ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21623 bakalavrdan 21083-ü barəsində məlumatlar var. Sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən qeyd edilən sistemə daxil edilib.
Ali təhsil müəssisələrinin cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib.
Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulmuşdur. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların Sistemə vaxtında və düzgün daxil edilməməsinə görə Azərbaycan Respublikasının "İnzibati xətalar məcəlləsi"ndə xüsusi maddə nəzərdə tutulub.