Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6 faizi qadınlardan, 39,4 faizi isə kişilərdən ibarətdir. Hazırda ölkə üzrə əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63 faizi yaşa görə, 26,6 faizi əlilliyə gərə, 10,4 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqə sektorunun yaydığı press-relizdə məlumat verilir.
Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, o cümlədən sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilmiş, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda, hazırda bu məbləğ 152,03 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylığ məbləğ 168,54 manata çatmışdır.
Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 42,5 faiz təşkil edir.
Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.