...

Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

Cəmiyyət Materials 7 Mart 2013 13:27 (UTC +04:00)
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb.

Trend-in məlumatına görə, görüşdə İsidoros Kouvelos bildirib ki, Bakıya səfərinin əsas məqsədi Akademiya ilə Azərbaycan arasında əlaqələrin gələcək perspektivlərini müzakirə etməkdir.

O qeyd edib ki, Akademiyada Olimpiya mövzusu üzrə magistr proqramı fəaliyyət göstərir. Kouvelos bildirib ki, Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərdə iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili mümkündür.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Akademiyasında ümumi təhsil müddəti bir il yarım olan tələbələr bir ildə sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.

Görüşdə, həmçinin güləşin Olimpiya oyunları siyahısından çıxarılması təklifi müzakirə olunub. Nazir Azad Rəhimov qeyd edib ki, güləş olimpiadanın əsasında olan idman növlərindən biridir. Rəhimov güləşin Olimpiya oyunları siyahısından çıxarılmayacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti