...

Dövlət Sərhəd Xidməti Yevlaxda baş vermiş əsgər ölümü ilə bağlı açıqlama verib

Cəmiyyət Materials 17 Mart 2013 13:44 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) martın 16-da Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı açıqlama yayıb. Bu barədə DSX-nin rəsmi səhifəsində məlumat verilib.
Dövlət Sərhəd Xidməti Yevlaxda baş vermiş əsgər ölümü ilə bağlı açıqlama verib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) martın 16-da Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı açıqlama yayıb. Bu barədə DSX-nin rəsmi səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunur ki, 16 mart 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə gətirilmiş, müayinə zamanı təzyiqinin kəskin surətdə aşağı düşməsi aşkar olunmuş və təcili olaraq Yevlax şəhər xəstəxanasına aparılmışdır. Xəstəxanada həkimlərin ciddi səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmamışdır.

Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər-hansı xarici yaxud daxili xəsarətalma halının olmaması müəyyən edilmişdir. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılmışdır. Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Əsgər Elvin Niftizadə 09 dekabr 1994-cü il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olmuş, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq Dövlət Sərhəd Xidməti sıralarına göndərilmişdir.

Xidmət etdiyi 2 ay ərzində özünü müsbət tərəfdən göstərməklə komandirlərin və əsgər yoldaşlarının rəğbətini qazanmış, sərhədçi peşəsinə böyük həvəs və maraq göstərərək xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidməti sıralarında müddətdən artıq hərbi xidmət etmək arzusu olduğunu bildirərək bu barədə hərbi hissə rəhbərliyinə müraciət etmişdir.

Dövlət Sərhəd Xidməti rəhbərliyi əsgər Elvin Niftizadənin vəfatından kədərləndiyini bildirərək onun valideynlərinə dərin hüznlə baş sağlığı verir.

"Allah əsgərimizə rəhmət eləsin. Eyni zamanda təəssüf hissi ilə qeyd edirik ki, bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyd olunanlarla əlaqədar həqiqətə uyğun olmayan, qərəzli xarakterli məlumatlar yayılmışdır. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisənin öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk", məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti