...

Azərbaycan Diplomatik Akademiyasında "Polşa Günü" keçirilib

Cəmiyyət Materials 4 Aprel 2013 20:35 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil alan xarici tələbələr ənənəvi “Ölkə günləri” çərçivəsində Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə akademiyada “Polşa Günü” keçiriblər.
Azərbaycan Diplomatik Akademiyasında "Polşa Günü" keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil alan xarici tələbələr ənənəvi "Ölkə günləri" çərçivəsində Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə akademiyada "Polşa Günü" keçiriblər.

ADA-dan Trend-ə verilən məlumata görə, akademiyanın Tələbə Mərkəzində qurulan fotosərgidə polyakların mədəniyyəti, mənzərəli vətənləri, bayramları və digər ənənələrini təsvir edən şəkillər nümayiş etdirilib. Daha sonra "Avropanın mərkəzindəki Polşanı kəşf et" adlı təqdimatda Diplomatik Akademiyada Beynəlxalq Təqaüd Proqramı üzrə magistr təhsili alan polyak tələbə Mateuş Visotzki Polşanın tarixi, coğrafiyası, eləcə də polyaklar haqqında beynəlxalq aləmdə gəzən maraqlı və məzəli rəylər barədə danışıb. Mateuş tələbə həmkarlarını da sorğu-sual edərək onun vətəni haqqında nə bildikləri barədə müsabiqə keçirib.

Polşanın Azərbaycandakı səfiri Mixal Labenda tədbirə qoşularaq Polşa-Azərbaycan münasibətləri barədə fikirləri ilə bölüşüb. Diplomat qeyd edib ki, xalqlarımız arasında ilk təmas hələ 500 il əvvəl qeydə alınıb - Səfəvilər dövlətinin xanlarından biri oğlunu Polşaya təhsil almağa göndərib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə isə 1930-cu illərdə Polşada sığınacaq taparkən həyatını polyak qadın Vanda Pilsudski ilə bağlayıb.

Labenda onu da vurğulayıb ki, bu gün Polşa ilə Azərbaycan arasında münasibətlər həm siyasi, həm də iqtisadi sahələrdə inkişaf edir. Lakin xalqlar və insanlararası münasibətlər ikitərəfli əlaqələrdə vacib yerlərdən birini tutur. Ona görə də Diplomatik Akademiyada təşkil edilən "Ölkə günləri" bu mənada təqdirəlayiqdir.

Təqdimat bitdikdən sonra "Polşa Günü"nün iştirakçıları polyakların milli mətbəx nümunələrinə qonaq ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti