Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutunda (ATİ) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Heyns Boyer və beynəlxalq əlaqələr üzrə prorektoru Karl Ensfelner tələbələrlə görüşüb.
İnstitutdan cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Turizm İnstitutunun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov qeyd edib ki, indiyədək ATİ-nin 57 məzunu bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya Turizm Proqramını uğurla başa vurub. Hazırda məzunlarımız "Hilton Baku", "Four Seasons" "Jumeirah Bilgah Beach", "Marriotte Absheron", "Fairmont", "Kempinski Badamdar" kimi yeni açılmış hotellər şəbəkəsində müxtəlif vəzifə sahibidirlər. Bəziləri Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri kimi turizmi prioritet seçən ölkələrdə işləyir, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniya kimi dövlətlərdə təhsillərini davam etdirirlər.
Heyns Boyer IMC Krems Tətbiqi Elmlər Universitetinin müxtəlif ölkələrdə beynəlxalq proqramlar həyata keçirdiyini və onların içərisində Azərbaycan-Avstriya Turizm Proqramının ən uğurlu layihə olduğunu tələbələrin diqqətinə çatdırıb. Bakalavr pilləsindən sonra təhsillərini davam etdirməyin vacibliyini diqqətə çatdıran Karl Ensfelner onları cari tədris ilindən magistratura səviyyəsində həyata keçirilən beynəlxalq proqrama dəvət edib.
Qeyd edək ki, 2007-ci il iyulun 4-də ölkə tarixində ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutu və IMC Krems Tətbiqi Elmlər Universiteti arasında bakalavr təhsil pilləsi üzrə akademik müqavilə imzalanıb. Akademik müqavilənin şərtlərinə əsasən, tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt menecmenti proqramı" üzrə ingilis dilində təhsil alırlar. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. ATİ yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənmir. Hazırda Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığı həyata keçirilir.