Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çeşidli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında bu il 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünyada ilk dəfə Azərbaycanda Şərq-Qərb Mədəniyyət Nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, forumda 100-dən çox ölkənin nazirləri, ekspertləri, "beyin mərkəzləri"nin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.
II Bakı Dünya Forumunda hazırkı mədəniyyətlərarası münasibətlərin normal inkişafına mane olan məsələlər, təhdidlərin aradan qaldırılması üçün müxtəlif mövzularda maraqlı debatlar təşkil ediləcək, mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri, mədəni-sosial, dini, iqtisadiyyat, biznes sahələrinin təsirləri müzakirə olunacaq. Bu tədbir, həmçinin beynəlxalq tərəfdaşlarımıza, iştirakçı ölkə və təşkilatlara bu sahədə müvafiq təcrübəni bölüşmək, eləcə də yeni təşəbbüsləri irəli sürmək imkanı yaradacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı fərmanla Dünya Forumu hər iki ildə bir dəfə Bakıda keçiriləcək və tədbirin təşkilinə məsul qurum Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.