...

Azərbaycanda yaxşı işləyən alimlərə xüsusi mükafatlar verilə bilər

Cəmiyyət Materials 26 Aprel 2013 16:58 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimləri stimullaşdırmaq üçün dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar yaratmaq niyyətindədir.
Azərbaycanda yaxşı işləyən alimlərə xüsusi mükafatlar verilə bilər

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimləri stimullaşdırmaq üçün dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar yaratmaq niyyətindədir.

AMEA prezidenti Akif Əlizadə cümə günü Trend-ə bildirib ki, alimlərin əməkhaqları fərqlənməlidir.

Onun sözlərinə görə, yaxşı işləyən alimləri stimullaşdırmaq, onlara əlavə maliyyə vəsaiti vermək lazımdır.

"Sovet dövründə alimlərə eyni məbləğdə əməkhaqqı verilirdi. Bu da bərabərləşdirmə məsələsini ortaya atırdı. Ancaq bu, düzgün deyil. Biz alimləri stimullaşdırmalıyıq. Yaxşı işləyən alimləri stimullaşdırmaq üçün əlavə maliyyə vəsaiti verilməli, onlar üçün mükafatlar təsis edilməldir. Bu da alimin apardığı işin nəticəsinin fərqlənməsini göstərəcək", - Əlizadə qeyd edib.

O hesab edir ki, belə stimullaşdırıcı tədbirlər başqa alimlərin də yaxşı işləməsi üçün stimul yaradacaq. Onlar da həmin mükafatları almaq üçün çalışacaqlar.

"Biz AMEA-nın Rəyasət Heyətindən başlayaraq, fərqlənmə prinsipini qəbul etməliyik. İndi fikirləşirik ki, dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar yaradaq, hər il illik hesabatda yüksək uğur əldə edən alimlərə adlı mükafatları təqdim edək", - akademiya prezidenti əlavə edib.

Əlizadə qeyd edib ki, bu stimullaşdırıcı addımların atılması üçün AMEA RH-də müzakirələr aparılmalıdır. Daha sonra bu məsələlər həyata keçiriləcək.

Akademiya prezidentinin sözlərinə görə, çöl tədqiqatları aparan alimlərə əlavə maliyyə vəsaiti ödənilməlidir, çünki onlar tədqiqatlarını başqa şəraitdə aparırlar.

Sovet dövründə belə bir təcrübənin olduğunu deyən Əlizadənin sözlərinə görə, tədqiqat işləri aparanlara məsafənin uzaq, ərazinin dağlıq olmasına görə ayrıca vəsait verilirdi.

Bunların yenidən tətbiqini vacib sayan Əlizadə onu da qeyd edib ki, elmin bir çox sahələrində çöl tədqiqatları aparılmasa, həmin sahə inkişaf edə bilməz.

Akademiya prezidentinin sözlərinə görə, son 10-15 ildə maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, alimlər tərəfindən çöl tədqiqatları aparılmayıb.

"Buna görə də tapşırıq vermişəm ki, bununla bağlı əsasnamə hazırlansın. Bu gün Azərbaycan elmində bu təcrübələr, çöl tədqiqatları hansı əsaslarla, hansı formada aparılmalı, bu işlərin maliyyələşdirilməsi necə olmalıdır? Bu işlər üçün vəsaitlər ayrılmış ümumi vəsaitdən fərqli olmalıdır", - Əlizadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti