...

Azərbaycanda məhkumlar mülki tibbi müəssisələrdə də müalicə ala biləcəklər

Cəmiyyət Materials 27 Aprel 2013 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İzzət/

Bundan sonra Azərbaycanda məhkumların və ya müvəqqəti saxlanılan şəxslərin müayinə və müalicəsi güc strukturlarının nəzdindəki tibbi müəssisələri ilə yanaşı, mülki səhiyyə obyektlərində də aparıla biləcək. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı İftixar Qurbanov bildirib.

Onun sözlərinə görə, bu, Nazirlər Kabinetinin qərarı ilə aprelin 18-də "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları"nın təsdiq edilməsindən sonra mümkün olub. Bu qərar "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2012-ci il 6 iyul tarixli fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır. Təlimat xarakterli qaydalar Ədliyyə və Səhiyyə nazirlikləri tərəfindən birgə hazırlanıb. Sənədin hazırlanması və müzakirəsində Avropa Şurasının ekspertləri də iştirak ediblər.

İdarənin rəis müavininin fikrincə, həm qanun, həm də qaydalar tutulmuş, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi üçün böyük əhəmiyyət daşıyan çox mütərəqqi sənəddir.

"Bu sənəd şəxsin həbs edildiyi andan müayinəsi, səhhətinin nəzarətdə saxlanılması, onun yerdəyişməsi ilə əlaqədar məlumatların ötürülməsi, xəsarətlərin qeydə alınması, onun müayinə və müalicəsinin təmin edilməsi, eyni zamanda, həmin müalicənin Səhiyyə Nazirliyinin nəzdindəki tibbi xidmətlə ekvivalentliyinin təmin edilməsi üçün əsas normativ hüquqi baza olacaq", - Qurbanov qeyd edib.

Həbsə alınmış şəxslərin müxtəlif güc strukturlarından ötürülmələr zamanı sağlamlığı haqqında əvvəlki məlumatları əldə etmək çox çətin olurdu. Məsələn, DİN-in müvafiq saxlama yerlərindən gələn şəxsin hansı müalicələr aldığı, hansı tibbi prosedurlardan keçdiyini bilmək olmurdu. Xəsarətlərin qeydə alınıb ötürülməsində qırılmalar var idi. Bu sənəd isə artıq Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi üçün bütün strukturlara aiddir.

"Sənədin üstünlüyü təkcə məlumatların ötürülməsindən ibarət deyil. Həmin şəxslərin müalicə müəssisələrində yerləşdirilməsi, müalicələrinin təmin edilməsi, ekvivalent olması üçün lazımi müayinələr zamanı hansı işlərin görülməli olduğunun göstərilməsi də yenilikdir. Bu sənəd həbs olunan şəxsin Səhiyyə Nazirliyinin mülki sektoruna çıxarılmasına, mülki sektorda müayinə və müalicəsinin aparılmasına imkan verir. Yəni sağlamlıq hüququnun qorunması üçün bütün zəruri əsaslar yaradılır", - rəis müavini vurğulayıb.

Qurbanov bildirib ki, təlimat Nazirlər Kabineti tərəfindən qəbul edildiyi üçün bütün güc strukturlarına aid edilir. Yəni həm polis idarələrində, həm hauptvaxtlarda, həm də digər güc strukturlarının təcridxanalarında saxlanılan şəxslərin hamısına şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti