Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Trend-in məlumatına görə, M.Abbaszadə çərşənbə axşamı jurnalistlərə deyib ki, çox zaman Bakıda sınaq imtahanı keçirildikdə nəzərdə tutulmuş yerlər çox tez dolur:
"Biz görürük ki, həmin yerlərə abituriyentlər cox qısa zamanda yazılırlar, yerlər cox tez dolur. Bəzən görürük ki, regionlardan olan abituriyentlər də Bakıda keçirilən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Ancaq buna zərurət yoxdur. Çünki biz hər bir regionda bu imtahanları keçiririk".
Abbaszadənin sözlərinə görə, TQDK-nın regional bölmələrinin yerləşdiyi rayonlarda keçirilən sınaq imtahanlarında ətraf rayonlarda yaşayan abituriyentlər də iştirak edə bilərlər.
TQDK sədri bildirib ki, müəyyən rayonlarda sınaq imtahanlarında iştirak edən abituriyentlərin sayı az olsa da, həmin yerlərdə də bu imtahanlar keçirilir.
Komissiya sədrinin sözlərinə görə, sınaq imtahınında, adətən, ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər iştirak edir. Bu isə o deməkdir ki, sınaq imtahanlarına təsadüfü, öz bəxtini sınamaq istəyən abituriyentlər gəlmirlər.
Abbaszadə bildirib ki, TQDK tərəfindən sınaq imtahanları ölkənin bütün regionlarında keçirilib və hazırda da bu imtahanların keçirilməsi davam edir.
O deyib ki, adətən, sınaq imtahanlarının nəticələri ötən illərin sınaq imtahanlarının nəticələri ilə müqayisə edilir. Bu il ərzində indyədək aparılmış sınaq imtahanlarının nəticələrinə əsasən, bu ilki imtahan nəticələrinin ötən ilki imtahan nəticələri ilə eyni səviyyədə olduğunu demək olar:
"Mən deyə bilmərəm ki, bu il sıçrayış baş verib. Hansısa fənn üzrə daha yüksək nəticələr əldə edlib və yaxud abituriyentlər aşağı nəticə göstəriblər".
Komissiya sədrinin sözlərinə görə, sınaq imtahanları bundan sonra da keçiriləcək. Həmin imtahanlarda da abituriyentlər iştirak etdikdən sonra bu ilki abitüriyentlərin bilik səviyyəsi haqqında ümumi fikir söyləmək olar.